“AzInTelecom” MMC yeni “AzInCloud” platformasını istifadəyə verib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC hər kəsin
“bulud” xidmətlərindən faydalana biləcəyi yeni “AzInCloud” platformasını istifadəyə verib. Ölkənin ən böyük “bulud” provayderi olan “AzInTelecom” MMC platforma üzərindən
müasir alətlərlə təchiz olunmuş “bulud” xidmətləri təqdim edir. Platformada tam
idarəolunabilən infrastruktur, təhlükəsiz məlumat saxlama, təkmilləşdirilmiş
kibertəhlükəsizlik, 24/7 dəstək xidmətləri göstərilir. “İstifadə etdiyin qədər ödə” modeli ilə
fəaliyyət göstərən platforma istifadəçilərə rahat “bulud” idarəetməsi, çeşidli hazır
əməliyyat sistemləri, “bulud” market, monitorinq xidməti kimi xüsusi imkanlar da təqdim
edir. Platformada istifadəçilərin resurs tələblərinə uyğun paketlər təklif olunur. Özünəxidmət platforması kimi fəaliyyət göstərən “AzInCloud” ictimai “bulud” xidməti
hesab olunur və bütün qurumlar, o cümlədən kiçik və orta bizneslər, fərdi sahibkarlar,
eləcə də fiziki şəxslər üçün əlçatandır. İstifadəçilər xidmət ofisinə getmədən, sadəcə
www.azincloud.az platformasında onlayn şəkildə qeydiyyatdan keçməklə bir neçə dəqiqə
ərzində öz “bulud” infrastruktur mühitini formalaşdıra bilərlər. “AzInCloud” platformasının əsas məqsədi biznes mühitində rəqəmsal transformasiyanı
təşviq etmək, Azərbaycanda bizneslərin və fərdlərin rəqəmsallaşmadakı rolunu
artırmaqdır. Qeyd edək ki, hazırda “AzInTelecom” MMC iki müasir Data Mərkəz üzərindən “bulud”
xidmətləri göstərir. “TIER 3” standartları ilə çalışan data mərkəzlərində təhlükəsizlik ən
yüksək səviyyədə təmin olunub.
29.11.2024