Bulud həlləri nədir?
Əgər bulud dedikdə, ağlınıza ilk olaraq səmadakı buludlar gəlirsə, narahat olmayın, siz tək deyilsiniz. Əksəriyyət, elə bunu düşünür.
Lakin, rəqəmsal dünyada bulud bir balaca fərqli mənada işlənir, biz burada buludu göydə yox, serverlərdə axtarırıq. Bulud həllərinin nə olduğunu daha yaxşı anlamaq üçün onu məlumatlarınızı saxladığınız
bir çanta kimi təsəvvür edə bilərsiniz. Lakin, bu çanta həmişə sizinlə gəzmək əvəzinə, “görünməz” bir yerdə, yəni internet üzərindən əlçatan olan təhlükəsiz serverlərdə saxlanılır. Beləliklə, siz istədiyiniz vaxt, istədiyiniz yerdə həmin çantanı açıb ehtiyacınız olan məlumatı götürə bilirsiniz.
Hesab edirik ki, bu görünməz yerlər, “server”, “backup”, “cloud storage” kimi anlayışlar artıq sizə də maraqlı gəlməyə başlayır. Buna görə də yaxşı bir təklifimiz var.
Gəlin, öyrənməyə işin mətbəxindən, başqa sözlə ən təməl anlayışdan - bulud texnologiyaları nədir? - sualına cavab tapmaqdan başlayaq.
Bulud texnologiyaları fərdi şəxslərə, bizneslərə və dövlət qurumlarına dəyişən tələblərə uyğun, İT xərclərini azaltmağa imkan verən sürət, miqyaslılıq və
büdcə dostu olmağı təklif edir. Müəssisələr bulud texnologiyalarından istifadə etməklə məlumat təhlükəsizliyini artıra, əməliyyatları sadələşdirə və onu müasir
biznes strategiyalarının mühüm komponentinə çevirə bilərlər.
Hazırda dünyada ən böyük bulud xidməti təminatçıları kimi Amazon Web Services, Microsoft Azure, Google Cloud,
Azərbaycan ərazisində isə AzInTelecom Cloud, o cümlədən AzInCloudu nümunə kimi göstərə bilərik.
Bulud hesablama (Cloud Computing) nədir?
Bulud hesablama dedikdə serverlər, yaddaş, verilənlər bazası, şəbəkə, proqram təminatı, analitika və kəşfiyyat daxil olmaqla hesablama xidmətlərinin
internet (başqa sözlə, bulud) üzərindən çatdırılması başa düşülür. Buluddan istifadə zamanı siz, adətən, “istifadə etdiyin qədər ödə”
biznes modelinə əsasən ödəniş edirsiniz, beləliklə də əməliyyat xərclərinizi azalda, infrastrukturunuzu daha səmərəli idarə edə bilərsiniz.
Bulud yaddaşı (Cloud storage) nədir?
Bulud yaddaşı (cloud storage) dedikdə, məlumatların və faylların serverlərdə saxlandığı məlumat
saxlama modeli başa düşülür. Bu serverlər adətən data mərkəzlərdə yerləşir və istifadəçilər
istənilən yerdən, istənilən cihaz vasitəsilə internet bağlantısından istifadə etməklə öz məlumatlarına giriş edə bilərlər.
Bunu bir az da sadələşdirsək, bulud yaddaşından istifadəni məlumatları saxlamaq üçün icarəyə götürülmüş
bir yer kimi izah edə bilərik. Belə ki, bu sizə məlumatları təhlükəsiz şəkildə saxlamaq, yedəkləmək və sinxronizasiya etmək imkanı verir.
Bu cür beynəlxalq platformalar arasında Google Drive, Dropbox, iCloud, yerli məhsullar sırasında isə AzInTelecom-un təklif etdiyi AzInCloud həllini nümunə kimi göstərmək olar.
Bulud texnologiyasının (Cloud Computing) üstünlükləri nələrdir?
Qeyd etdiklərimizlə yanaşı, bulud hesablamadan daha çox istifadəyə təşviq edən bir sıra üstünlüklər var:
Büdcə dostu olması – İT sistemlərini buluda köçürməklə şirkətlər, bulud hesablamasının aparat və proqram təminatının alınması və
yerli məlumat mərkəzlərinin (enerji və soyutma üçün gecə-gündüz elektrik enerjisindən istifadə, infrastrukturun idarə edilməsi üçün İT mütəxəssislərinin yetişdirilməsi və s.)
yaradılması kimi yüksək miqdarda büdcə tələb edən xərclərini aradan qaldıra bilir, beləliklə də, İT xərclərini optimallaşdırmağa nail olurlar.
Sürətli və təhlükəsiz olması - Əksər bulud hesablama xidmətləri özünəxidmət və tələb əsasında təqdim olunur,
beləliklə, hətta böyük həcmdə hesablama resursları bir kliklə, cəmi bir neçə dəqiqə ərzində təmin oluna bilir. Eyni zamanda bulud provayderləri sizə aid məlumatları,
proqramları və infrastrukturunuzu potensial
təhlükələrdən qoruyaraq, təhlükəsizlik vəziyyətinizi gücləndirən müxətlif texnologiya və nəzarət funksiyaları təklif edir.
Məhsuldarlığın yüksək olması - Yerli məlumat mərkəzləri enerji və soyutma üçün gecə-gündüz elektrik enerjisindən istifadə,
infrastrukturun idarə edilməsi üçün İT mütəxəssislərinin yetişdirilməsi və s.
kimi amillərin mövcudluğunu tələb edir. Bulud hesablamaları bütün bu ehtiyacları aradan qaldırmaqla məhsuldarlığın artmasına səbəb olur.
Qlobal mövcudluğunun olması - İri bulud provayderlərinin dünyanın müxtəlif ölkələrində məlumat mərkəzləri olur.
Bu da coğrafi cəhətdən müxtəlif regionlardakı
istifadəçilər üçün gecikmə (latency) müddətini azaltmaq və müştərilərə daha yaxın olmaq baxımından əlverişlidir.
Ümumilikdə, deyə bilərik ki, buluddan istifadə bizneslərə işlərini daha səmərəli, sürətli və təhlükəsiz şəkildə idarə etmə imkanı verir. Eyni zamanda,
həyatımızı asanlaşdırır, xərclərimizi optimallaşdır və məlumatlarımızın əlçatanlığını təmin etməklə onları qoruyur.
Bulud həlləri, modelləri, bulud yaddaşı, ümumilikdə, bulud texnologiyaları haqqında daha ətraflı və
dolğun məlumat əldə etmək üçün bizi izləmədə, bloqlarımızı gözləmədə qalın. Növbəti mövzularda görüşmək ümidilə ☁️
23.04.2025